Varlı olmaq üçün çox işləmək lazım deyil…

Varlı olmaq üçün çox işləmək lazım deyil…

Menu
AzToday
Axtarmaq
Əsas səhifə/Cəmiyyət
Cəmiyyət
Varlı olmaq üçün çox işləmək lazım deyil…
31 Oktyabr, 2022 [08:54]

Azərbaycanda orta və yaşlı nəsil hazırkı sosial-iqtisadi münasibətlərin olmadığı bir vaxtda – sovetlər dövründə yaşayıblar. Məlumdur ki, o dövrdə sərbəst bazar iqtisadiyyatı olmayıb. Özəl müəssisələr, fərdi təşəbbüslər yox səviyyəsində olub. Bu, həm də o deməkdir ki, iqtisadi sistem “sovet insanı”na varlı olmaq, çox pul qazanmaq imkanları tanımayıb. Əlbəttə, qanunsuz yollarla – rüşvət, korrupsiya kimi vasitələrdən istifadə edərək, böyük sərvətlər toplayan “sovet insanları” da olub. Amma qeyd etdiyimiz kimi, qanuni yollarla varlı olmaq demək olar ki, münkün olmayıb.

Belə bir dövrdə yaşamış insanların daha çox pul qazanmaq üçün edə biləcəkləri yeganə iş digərləri ilə müqayisədə daha çox işləmələri olub. Təsadüfi deyil ki, “İşləməyən, dişləməz”, yaxud da “İş insanın çövhəridir” kimi bir çox şüarları o vaxt hər yerdə görmək və eşitmək olardı. Kəndli çox pul qazanmaq istəyirdisə, çoxlu pambıq yığmalı idi, müəllim çox pul qazanmaq istəyirdisə, daha çox dərs keçməli idi… O dövrdə yaxşı iş üçün mütləq ali təhsil, daha doğrusu, ali təhsili təsdiq edən diplom lazım olurdu.

Təəssüf ki, indi də gənc nəsil bu cür məsləhətləri valideynlərindən tez-tez eşidirlər. Bu gün ölkəmizdə valideynlərinin də təsiri ilə həyatının 4-5 ilini “diplom” almağa sərf etmiş və sonra da onu faydasız bir sənəd kimi bir kənara atmış minlərlə gənc var.

Halbuki, sərbəst bazar iqtisadiyyatının olduğu müasir dünyada varlı olmaq üçün nə çox işləmyə, nə də “diplom” almağa ehtiyac var. Gözümüzün qarşısında bunun yüzlərlə nümunəsini görmək olar. Dünyada “diplomsuz” milyonerlərin, hətta milyarderlərin sayı kifayət qədərdir. Yəqin, razılaşarsınız ki, vaxtlarının böyük bir hissəsini istirahətdə keçirənlər də elə varlı insanlardır.

Varlı olmaq üçün çox işləməyin o qədər də vacib bir şey olmadığını ən gözəl izah edən “Pareto qanunu”dur. Bu qanunun müəllifi məşhur italyan iqtisadçı və sosioloq Vilfredo Paretodur. 1848-1923-cü illərdə yaşamış iqtisadçı belə hesab edir ki, istənilən ölkədə əhalinin 80%-i daha çox işləyir, amma varlı olanlar əhalinin daha az işləyən digər 20%-i olur.

“Pareto qanunu”na “80/20 prinsipi” də deyirlər. Belə hesab olunur ki, bizi əhatə edən sosial-iqtisadi sistemdə bir çox məsələ “80/20 prinsipi”nə tabedir. Məsələn, dərs kitablarındakı informasiyaların yalnız 20%-i bizə lazım olur. Kitablardakı informasiyaların 80%-ı sonradan bizə lazım olmur. Yaxud, gün ərzində görməli olduğumuz işləri planlasaq, onlardan yalnız 20%-i bizim üçün həyati əhəmiyyət daşıyacaq. Planladığımız işlərin 80%-i isə həyatımız üçün o qədər də əhəmiyət daşımayacaq.

“80/20 prinsipi”nə inananlar hesab edirlər ki, cinayətkarların 20%-i bütün cinayətlərin 80%-ni törədir, sürücülərin 20%-i yol-nəqliyyat hadisələrinin 80%-də günahkardır. Şagirdlərin yalnız 20%-i öz ölkələrində onlara verilən təhsil imkanlarının 80%-dən istifadə edirlər.

Qeyd etdiyimiz kimi, “Pareto qanunu”nun sosial münasibətlərdə də özünü doğrultmasına baxmayaraq, bu qanun daha çox iqtisadi münasibətlərdə önə çıxır. Belə hesab olunur ki, əksər müəssisələrin gəlirlərinin 80%-i, onların bütün müştərilərinin 20%-indən gəlir. Hər hansı bir mağaza fikirləşin: Gün ərzində mağazaya 10 müştəri daxil olur. Günün sonunda mağaza sahibinin ümumi gəliri 100 manat olur. Bu, 100 manatlıq gəlirin 80 manatı mağazaya daxil olan müştərilərin yalnız 2-sindən əldə olunur.

Bəs, necə olur ki, gecə-gündüz işləyən 80%-in qazancı, günlərinin çoxunu istirahətdə keçirən 20%-in qazancından daha az olur? Hamımızın ətrafında çox işləyən və çox hərəkət edən insanlar var. Amma onların əksəriyyəti varlı deyillər. Aparılan müşahidələr, tədqiqatlar, sorğular və digər araşdırmaların gəldiyi ortaq nəticə budur ki, daha çox qazanmaq üçün çox işləmək yox, doğru hədəflər seçmək lazımdır. Kasıb insanların əksəriyyəti qısamüddətli hədəflərlə yaşayırlar. Onlar yalnız varlı olmağı arzulayırlar, amma bunun üçün qarşılarına doğru hədəflər qoymurlar.

Uğur əldə etməyin əsas yollarından biri də doğru hədəf seçmək və onları doğru idarə etməkdən ibarətdir. Uğur əldə etməyin 80%-i doğru hədəf seçmək, qalan 20%-i isə doğru hərəkət etməkdir.

Gözlərinizin qarşısına iki tələbə gətirin: Onlardan birinin əsas hədəfi yuxudan tez durmaq, universitetə tez çatıb dərslərə kecikməməkdir. Digərinin əsas hədəfində isə ümumiyyətlə universitet yoxdur və o, bu barədə heç düşünmür. Onun hədəfində universitetdən sonrakı iş həyatıdır. Universitet çoxlu pul qazanmaq üçün hədəf ola bilməz. Ən yaxşı halda hədəfə gedən yolumuzu asanlaşdıra bilər.

Yəqin ki, çoxunuz hazırda dünyanın ən varlı insanlarının ilk onluğunda yer alan “Meta” şirkətinin sahibi Mark Zukerberqin uğur hekayəsini bilirsiniz. Mark Zukerberq hədəfinə çatmaq üçün oxuduğu Harvard Universitetini belə tərk edir.

Dərsə tez çatmaq, dərsdə çox oturmaq, yaxud işə tez çatmaq, işdə çox qalmaq əsas hədəf olmamalıdır. “Apple” şirkətinin qurucusu Stiv Cobsun “Pareto qanunu”nu özündə tam əks etdirən bir fikri var: “12 saat deyil, başla işləmək lazımdır”.

Varlı olmağın, daha dəqiqi uğur qazanmağın çox vacib bir düsturu var: düşüncə – vəziyyət – hərəkət – nəticə. Doğru hədəf seçmək və bu hədəf ətrafında düşünmək insanda özünəinam yaradır. Məsələn, əlində sərmayəsi olmayan bir insan, şirkət qurmağı hədəfləyir və bunu reallaşdırmağın yolları barədə düşünürsə, bu, onda özünəinam yaradır. Belə vəziyyət insanı həvəsləndirərək, hərəkətə gətirir. İlk cəhddə olmasa belə sonda düşüncə – vəziyyət – hərəkət ardıcıllığı sonda uğurlu nəticəyə gətirib çıxarır.

Varlı ola bilməyən, yəni, uğur qazana bilməyən insanların etdikləri əsas səhv də məhz bu sxemdədir. Onlar əsasən nəticə – düşüncə – vəziyyət – hərəkət sxeminin vacib olduğuna inanırlar. Halbuki bu sxem işləmir. Çünki həmişə qənaətbəxş nəticələr əldə etmirik. Elon Maskın raketi yalnız dördüncü cəhddən sonra uğurlu uçuş həyata keçirə bildi. Əgər, düşüncə – vəziyyət – hərəkət – nəticə sxemində nəticəni sona saxlamasaydı, yəqin ki, Elon Mask bu gün dünyanın ən varlı insanı ola bilməyəcəkdi.

Uğur və uğursuzluq insanların “Pareto qanunu”ndakı 80/20 prinsipinə necə əməl etmələrindən çox asılıdır. Nəyi seçəcəyinizə siz qərar verirsiniz və bu qərarlarınız sonda sizi varlı və ya kasıb edir:

– Gündə 1 saat boş vaxtınız var: Sizi maarifləndirən kitab da oxuya bilərsiniz, sizi əyləndirən TV verilişinə də baxa bilərsiniz…
– Bankdan zəng edib sizə kredit təklif edirlər. Siz bu krediti işinizi genişləndirmək üçün də istifadə edə bilərsiniz, “Ayfon 14” də ala bilərsiniz…
– Bu gün iş günü deyil. Dostlardan, tanışlardan 2 təklif var. Siz dəniz kənarında velosiped də sürə bilərsiniz, vaxtınızı çayxanda da keçirə bilərsiniz…

…Seçim sizindir.

Allahverdi Cəfərov, “Fraza” jurnalı