Obyektiv.info
 Valyuta məzənnəsi

Bakıda ahıl yaşlı qadınlara qarşı soyğunçuluq edən şəxs saxlanılıb

Tarix:19-03-2019, 14:44

Bakıda ahıl yaşlı qadınlara qarşı soyğunçuluq edən şəxs saxlanılıb
Nərimanov rayonu Y.V.Çəmənzəminli küçəsində naməlum şəxs bir neçə gün əvvəl 73 yaşlı paytaxt sakini Viktoriya Kazakovaya zor tətbiq edərək içərisində 15 manat pul olan çantasını əlindən alıb. Zərərçəkən soyğunçuluq edən şəxsə müqavimət göstərmək istəyərkən yıxılaraq xəsarət aldığından xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oxşar hadisə martın 16-da saat 18:00 radələrində rayonun Ağa Neymətulla küçəsi ev - 54 ünvanının qarşısında qeydə alınıb. Naməlum şəxs 80 yaşlı paytaxt sakini Maya Hüseynovaya zor tətbiq edərək içərisində 30 manat və sənədləri olan çantasını zorla əlindən alıb.

Hər iki hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsinə məlumat veriləndən sonra aparılan araşdırmalar nəticəsində cinayətlərin eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib. Həmin cinayət hadisələrini törətməkdə şübhəli bilinən Quba rayon sakimi Sabir Orucov həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılaraq istintaqa təqdim edilib. Saxlanılan zaman onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi 0,317 qram heroin də aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Həmin şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzinə və ya Nərimanov Rayon Polis İdarəsinə müraciət edə bilərlər.
Oxunub: 113



XƏBƏR LENTİ