MEDİA-da təzə reket YOL-ları peyda olub.... - YOL-larda çəkilən gizli kamera çəkilişlərini kimlər saytlara ötürür..?

Gündəm
11-02-2023, 10:23
12


Bu hərəkət media adına ləkədir və DİN-ə yaraşan hal deyil...
Əsas mövzuya keçməzdən öncə bir ibrətamiz hekəyəti yada salım.
Deməli, dünyaca məşhur alim yayın istisində bir bostanın kənarından keçirmiş. Bostançıdan xahiş edir ki, ona bir qarpız kəssin... Bostançı müxtəlif qarpızları göstərir, deyir bu çox şirindir, bu isə az şirindir, amma susuzluğu yatırır, bu biri qarpız isə az toxumludur və s. Alim bostançının dediyi qarpızları kəsdirir və yoxlayır. Və məəttəl qalır ki, bostançının dedikləri hamısı doğru çıxır.
Müdrik alim deyir ki, oğlum, başın yaxşı başdır, söz ola bilməz, amma heyif ki, qarpıza sərf olunub... Vallahi, bizim insanların başı pis işləmir e...amma...bütün fikrini yönəldir ki, görüm kimin cibinə necə girə bilərəm, kimin qulağını necə kəsə bilərəm... Bu az qala milli bəlaya çevrilib. İndi yazacaqlarımı eşidəndə mat-məəttəl qalacaqsınız, necə ki mən məəttəl qalmışdım.
Deməli, məlumdur ki, bütün Bakı şəhəri, o cümlədən, digər bölgələrimizin yolları kameralaşdırılıb. Yəni ərazidə yol polisi əməkdaşlarının olub-olmamasından asılı olmayaraq, bütün qayda pozuntuları kameralar vasitəsilə qeydə alınır. Bir sözlə, kameralar vasitəsilə hər şeyə nəzarət olunur. Bura qədər yazdıqlarımız hamıya məlumdur. O da məlumdur ki, bu kameralar, gizli videoçəkilişlər bir başa Daxili İşlər Nazirliyinin ( DİN ), Baş Dövlət Yol Polisi İdarəsinin ( BDYPİ ), Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin nəzarətindədir. Bu qurumların icazəsi olmadan bu kameraların çəkilişləri necə və hansı yolla başqalarının əlinə keçə bilər..? Necə ki, istintaq materialları məxfidir, bu kameraların çəkilişləri də mətbuat üçün deyil.
Oxuculara tam ayıdınlıq üçün qeyd edək ki, yolların kənarındakı kameraların çəkilişləri müxtəlif media qurumlarına, saytlara ötürülür. Və bundan sonra bazarlıq, sövdələşmə başlayır. Bu bir başa cinayət əməlidir. İstəyirik ki, bu barədə DİN rəhbərliyi, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, cənab general Ramiz Zeynalov məlumatlı olsunlar. Məlumdur ki, sürücülərin hərəkətində hər hansı avtoşluq elementləri olan kimi yüksək məbləğdə cərimələnirlər.
Bəli, hətta xırda, cüzi avtoşluq elementləri də kameralarda qeyd olunur. Və sonra kimlərinsə əli ilə bu gizli kamera çəkilişləri reket media mənsublarının əlinə keçir. Bəli, həmin çəkilişlərdə avtomobilin nömrəsi, seriyası, markası, hətta sürücünün telefon nömrəsi saytlarda yerləşdirilir. Kim ki, gəlib babat pul verirsə, həmin görüntülər saytlardan silinir. Bunun bir başa adı dələduzluq, reketlik və cinayət əməlidir.
Bu çirkin əməllər birincisi medianın, jurnalaistikanın adına qara ləkədir.
İkincisi, güman edirik ki, bu çirkin əməllərdən DİN rəhbərliyinin, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, cənab general Ramiz Zeynalovun xəbəri yoxdur.
Ümid edirik ki, bu rüsvayçı əməllər müvafiq dövlət qurumları tərəfindən ciddi araşdırılacaq və tədbir görüləcək.
Yeri gəlmişkən, bu yaxınlarda bir söhbətin qulaq şahidi olduq. Zərərçəkən avtomobil sahibi deyirdi ki, Allah bəzi sayt rəhbərlərinin balasını saxlasın, 50-100 manatla canımızı qurtara bilirik. Bu kameralardan pul qazanan saytların rəhbərlərinin əlindən 15 min manatla da qurtarmaq olmur. İndi bildinizmi, yazının girişində qarpız məsələsini əbəs yerə yada salmadıq.
Sözün qısası, bu çox ciddi məsələdir və operativ olaraq araşdırılmalı və tədbir görülməlidir. Problemin ciddiliyini nəzərə alaraq gündəmdə saxlayacağıq. Bizi izləyin.
GündəlikBaki