Gömrük Komitsənin sədri təyin edilən Şahin Bağırovla bağlı MARAQLI MƏLUMATLAR

Gömrük Komitsənin sədri təyin edilən Şahin Bağırovla bağlı MARAQLI MƏLUMATLAR

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bugünkü sərəncamına əsasən Şahin Bağırov Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyin edilib.
Yenisabah.az yeni sədrlə bağlı maraqlı məlumatları təqdim edir:
Şahin Soltan oğlu Bağırov 12 yanvar 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini, ikinci təhsil kimi isə 2003-cü ildə Rusiya Gömrük Akademiyasının Gömrük işinin təşkili fakültəsini bitirmişdir. 2004-cü ildə həmin akademiyanın aspiranturasını bitirərək iqtisad elmləri namizədi (iqtisad üzrə fəlsəfə doktoru) elmi dərəcəsinə yiyələnmişdir.

Şahin Bağırov əmək fəaliyyətinə təyinat əsasında Azərbaycan aqrar-sənaye kompleksi sistemində başlamışdır. 1992-ci ildən gömrük sistemində inspektor kimi çalışmağa başlamış, Bakı Baş Gömrük İdarəsinin inspektoru, "Əli-Bayramlı" gömrük postunun rəisi, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsində, Daxili Təhlükəsizlik İdarəsində işləmiş, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini, sonra isə rəisi olmuşdur.

Şahin Bağırov 16 yanvar 2014-cü ildən 6 iyul 2018-ci ilədək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini olmuşdur. 2019–2022-ci illərdə Vergilər Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində çalışmışdır. 2022-ci ilin iyulun 18-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilmiş, eyni zamanda ona sədrin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətləri verilmişdir.

Prezident İlham Əliyevin 14 fevral 2023-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin edilib.

Şahin Bağırov Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının nəqliyyatla bağlı gömrük məsələləri üzrə işçi qrupunun sədr müavini, Birləşmiş Millətlər Təşkilatının "Beynəlxalq Yük Daşımaları haqqında" Gömrük Konvensiyasının İnzibati Komitəsinin sədri vəzifəsində, eləcə də Sərhədlərdə Yüklərə Nəzarət Şərtlərinin Razılaşdırılması üzrə Beynəlxalq Konvensiyanın (1982) İnzibati Komitəsinin sədri kimi fəaliyyət göstərmişdir.

Şahin Bağırova 28 yanvar 2005-ci ildə gömrük xidməti general-mayoru, 2014-cü ilin fevralın 3-də isə gömrük xidməti general-leytenantı ali xüsusi rütbələri verilmişdir.

Gömrük Komitəsinin yeni sədri 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni -30 yanvar 2016, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni -24 yanvar 2012 və "Dövlət qulluğunda fərqlənməyə görə" medalı - 26 yanvar 2010 ilə təltif edilmişdir.

Ailəlidir, iki övladı var.