Obyektiv.info
 Valyuta məzənnəsi

Oğlunun öldürdüyü qadın haqqında sərxoş rəyi almaq istəyən biznesmen haqqında qərar

Tarix:15-02-2019, 17:00

Oğlunun öldürdüyü qadın haqqında sərxoş rəyi almaq istəyən biznesmen haqqında qərarOğlunun törətdiyi yol qəzası nəticəsində həlak olmuş 1975-ci il təvəllüdlü Könül Əkbərovanın guya hadisə vaxtı sərxoş olub maşının altına düşməsi haqda ekspertiza rəyi almaq üçün pul vermiş iş adamı - "Xırdalan-Xəz" ASC-nin, "Yeganə" şadlıq sarayının sahibi Akif Rəhimov məhkəməyə çağrılsa da, gəlmir.

Onun şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunmuş Elnur Babayevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyilə baxılır.

1988-ci il təvəllüdlü E.Babayevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə ittiham irəli sürülüb. İttihama əsasən, A.Rəhimov oğlunu məsuliyyətdən yayındırmaq - hadisə vaxtı sükan arxasında ailənin sürücüsü Əmirulla Şahbazovun olmasını rəsmiləşdirmək və bunu təsdiqləyəcək şahidlər tapmaq, həmçinin yolu keçərkən qəza nəticəsində ölmüş Könül Əkbərovanın sərxoş olması haqda ekspert rəyi almaq məqsədilə E.Babayevə 52500 manat pul verib.

E.Babayev Səbail Rayon Polis İdarəsində qeyri-rəsmi şəkildə müstəntiq köməkçisi işləyib. Bayraq meydanı yaxınlığında baş vermiş qəzanın istintaqı da həmin idarədə aparılıb.

E.Babayevin məhkəməsində A.Rəhimovun oğlu, qəza törədərkən 17 yaşı olan Rəhim Rəhimovun vəkili olmuş Lyudmila Rəhimova şahid qismində ifadə verib. O bildirib ki, təqsirləndirilən E.Babayevin Rəhimovlara 10 min manata ekspertiza rəyi alınacağı haqda söz verdiyini eşitmişdi. Vəkilin sözlərinə görə, A.Rəhimovla Elnur arasında olan razılaşmadan sonradan xəbər tutub: "Mən eşitdim ki, sərxoşluq haqda ekspertiza rəyi alınacağından söhbət gedir. Amma buna inanmadım. Akif müəllimə də bunun mümkün olmayacağını demişdim".

Şahid vəkil bildirib ki, bu haqda eşitsə də, kiməsə pul verildiyini görməyib.

Məhkəmənin davamında məlum olub ki, Akif Rəhimov dəfələrlə çağrılsa da, məhkəməyə gəlmir. Ona görə də hakimlər onun barəsində məcburi gətirilmə qərarı çıxarıblar. Əgər könüllü gəlməsə, polis vasitəsilə gətiriləcək.

Məhkəmə prosesi fevralın 15-də davam edəcək.

2017-ci ilin noyabrın 8-də Səbail rayonu ərazisində "Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub.

K.Əkbərova aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Qəzanı törədən sürücü Akif Rəhimovun oğlu Rəhim Rəhimov olub. 18 yaşı tamam olmayan Rəhim kluba gedərkən həmin qəzanı törətmişdi.

Lakin qəzadan sonra hadisə yerinə Rəhimovlar ailəsinin sürücüsü Əmrulla Şahbazov gəlib və qəzanı özünün törətdiyini deyib. Məsələ ictimailəşdiriləndən sonra hadisənin gerçək təfərrüatları üzə çıxıb.

Hadisədən 20 gün sonra saxlanılan Rəhim Rəhimova qarşı Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham irəli sürülüb. Ona hadisə yerindən qaçma ittihamı üzrə bəraət verilib, digər ittihamla 5 il 6 ay azadlıqdan məhrum edilib.

Bakı Apelyasiya Məhkəməsi cəzanı 5 ilə endirib, özünün də məntəqə tipli cəzaçəkmə müəssisəsinə (komendatura) köçürülməsi barədə qərar çıxarılıb. Beləliklə, R.Rəhimov həbsdən buraxılıb.

Qəzada K.Ələkbərova Qarabağ döyüşlərində həlak olmuş Elton Ələkbərovun qızıdır.

A.Rəhimov parlament seçkilərində deputatlığa namizəd olub.///meydan.tv

Oxunub: 134



XƏBƏR LENTİ