Obyektiv.info
 Valyuta məzənnəsi

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında iştirak edib

Tarix:28-06-2020, 12:14

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında iştirak edib


Prezident İlham Əliyev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Mingəçevir şəhərinə səfər edib. 25.06.2020-ci il tarixdə baş tutan səfərdə ölkə başçısı, Ali Baş Komandan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında iştirak etmiş, hərbi hissədə yaradılan şəraitlə tanış olmuşdur.

Cənab Prezident hərbi hissə ilə tanış olduqdan sonra bir qrup hərbçi ilə görüşüb. Görüş zamanı qarşıdan gələn 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə hərbçiləri təbrik edən ali baş komandan Azərbaycan Silahlı Qüvvələrinə yeni uğurlar, yeni qələbələr arzulamışdır.

Cənab Prezident çıxışında ölkəmizin müharibə şəraitində yaşadığını və belə olan halda ordu ilə bağlı bütün məsələlərin ən başlıca vəzifə olduğunu diqqətə çatdırmışdır.

Dönüb doxsanıncı illərə baxanda o çətin şəraiti, yağı düşmənin azqınlıqlarını, həmçinin silahlı basqınlardan canlarını qurtaran minlərlə soydaşlarımzın düşdükləri ağır vəziyyəti, torpaqlarımızın işğal altında qalmasını xatırlasaq da, Azərbaycanın ilbəil inkişaf etdiyini, Milli Ordumuzun gücləndiyini gördükcə fərəhimiz artır. Müharibə şəraitində yaşayan ölkəmizdə ordu ilə bağlı bütün məsələlər ən başlıca vəzifələrdən biridir.
Uzun illər Azərbaycana rəhbərlik edən, müstəqilliyin ilk illərində, Azərbaycanın Dövlət Müstəqilliyinin məhv olması, vətəndaş müharibəsi təhlükəsinin yaşandığı bir dövrdə xalqın təkidli çağırışı ilə ikinci dəfə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev ilk olaraq Milli Ordu quruculuğunun yaradılmasına və maddi texniki bazasının gücləndirilməsinə diqqət göstərdi. Bu siyasi yol bu gün uğurla davam etdirilir ordumuzun güclənməsi və inkişafı üçün ardıcıl olaraq əməli işlər görülür.

Son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.

Qeyd etmək yerinə düşər ki, bu gün respublikamızda hərbi hissələr, şəhərciklər, hərbi bazalar faktiki olaraq yenidən qurulur, hərbi hissələrin 90 faizində tikinti-bərpa, yenidənqurma işləri aparılır.

Şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması barədə danışan ölkə başçısı “orduda 20 il qüsursuz xidmət edən zabitlərə dövlət tərəfindən mənzillər verildiyini və bu proqramın davam etdirildiyini bildirərək: “Böyük vəsait tələb edən bu proqram vasitəsilə bu günə qədər 1700 zabit mənzillə təmin olunduğunu qeyd etdi. Bu ilin sonuna qədər isə əlavə 419 zabitə dövlət tərəfindən mənzillər veriləcəkdir. Beləliklə, bu günə qədər olan vəziyyətə görə, bu proqramla əhatə olunan zabitlərin maksimum sayı təmin edilib. Eləcə də hərbçilərin əməkhaqları müntəzəm olaraq qaldırılır, fərqlənmiş hərbçilər mükafatlandırılır”.

Cənab Prezident ordumuzun uğurlu inkişafının göz önündə olduğunu vurğulayaraq, dünyada orduların reytinqlərini tərtib edən sanballı qurumlar tərəfindən Azərbaycan Ordusunun dünyanın 50 ən güclü ordu sırasına daxil edildiyini qeyd etdi.

Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan bir ölkədir. Bu gün dünyada, beynəlxalq müstəvidə güc amili ön plandadır və “kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil etsə də Azərbaycanın əldə etdiyi uğurlar dövlətimizin öz gücü hesabına əldə olunmuşdur.

Ölkə başçısı Azərbaycanda güclü iqtisadiyyatın, nəhəng neft-qaz layihələrinin icrasının, müasir ordu quruculuğunda əvəzsiz rolu olduğunu bir daha diqqətə çatdıraraq qeyd etdi ki, Azərbaycan hərbi büdcəsi, ordumuzun ən yeni texnologiyalara əsaslanan hərbi texnika və döyüş vasitələri ilə təchiz etməyə imkan verir.

Bu baxımdan hava hücumuna qarşı müasir qurğular imkan verir ki, ölkəmizdə bütün strateji obyektlər yüksək səviyyədə qorunur. Hazırda cəbhə bölgəsində yaranmış vəziyyət Azərbaycanın xeyrinədir. Ordumuzun müasir silah-sursat, texnika ilə təchizatı davam edir. Eyni zamanda, döyüş təyyarələri modernləşdirilmiş, yüzdən çox hərbi və hərbi-nəqliyyat vertolyotu silahlı qüvvələrimizin istifadəsinə verilmişdir.

2018-ci ildə uğurlu Naxçıvan əməliyyatını xatırladan Prezident İlham Əliyev 10 min hektardan çox ərazini işğalçılardan azad edildiyini və strateji yüksəkliklərin ələ keçirildiyini, Ermənistandan Dağlıq Qarabağa gedən yolun ordumuzun nəzarətində olduğunu bildirmişdir.

Fəxrlə demək olar ki, Azərbaycan öz ordusunun silah və hərbi texnika ilə təchizatında xarici ölkələrdən asılı olmamaq üçün milli hərbi sənayesini də formalaşdırır və birgə istehsal müəssisələri yaradılır. Müdafiə Sənayesi Nazirliyinin 15 il əvvəl yaratdığı müəssisələrdə 1300-dən çox hərbi təyinatlı məhsul istehsal edilir.

Hərbi hissələrdə ideoloji tərbiyə işinin yüksək səviyyədə təşkil olunduğunu bildirən Ali Baş Komandan gənclərimizin milli, vətənpərvərlik ruhunda böyüməsini vurğulamışdır. Ölkəmizin qədim və müasir tarixi ilə əlaqədar hər bir əsgərdə, zabitdə dolğun təəssüratın, məlumatın olmasının vacibliyini nəzərə çatdırmışdır. “Hər bir əsgər, hər bir zabit bugünkü Ermənistanın Azərbaycan torpaqlarında formalaşdığını bilməli, Ermənistan xəritəsində coğrafi toponimlərin təhrif olunduğunu və bu yerlərin əsl adlarını öyrənməlidir.

Cənab Prezident onu da qeyd etmişdir ki, Sovet dövründə Azərbaycan Xalq Cümhuriyyəti antimilli qurum, müstəqilliyimizi əlimizdən alan yerli satqınlar isə qəhrəman kimi qələmə verilirdi. Dağlıq Qarabağ münaqişəsindən də söz açan cənab Prezident bu münaqişənin Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin acı mirası olduğunu, məhz onların xəyanətkar fəaliyyəti nəticəsində torpaqlarımız işğal altına düşdüyünü bildirmişdir. Ölkə başçısı çıxışında qeyd etdi ki, Şuşanın işğalı böyük faciə idi. O vaxt Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedirdi. Azərbaycan Xalq Cəbhəsi istənilən yollarla hakimiyyətə gəlmək istəyirdi.

Hər bir azərbaycanlı deyə bilər ki, əgər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Ermənistan Azərbaycanın daha çox ərazisini işğal edə bilərdi.

Bu gün Azərbaycan ordusunun döyüş qabiliyyəti artmaqdadır. Hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan silahlı qüvvələri regionun ən güclü ordusudur. Həm 2016-cı, həm 2018-ci illərin hərbi əməliyyatları bunu göstərdi.

Ermənistan bu gün işğal edilmiş Azərbaycan torpaqlarında qanunsuz məskunlaşma siyasəti aparır. Bu məsələ ilə əlaqədar cənab Prezident beynəlxalq tədbirlərdə, Avropa İttifaqının sonuncu Şərq Tərəfdaşlığı Zirvə görüşündə bu məsələyə toxunmuşdur:” Biz bütün beynəlxalq təşkilatlarda bu məsələni qaldırırıq və qaldıracağıq. Qanunsuz məskunlaşmaya son qoyulmalıdır. Beynəlxalq ictimaiyyəti buna çağırırıq. Minsk qrupunun həmsədrlərinin bu məsələyə xüsusi diqqət yetirməyini istəyirik ki, bu qanunsuz məskunlaşma dayansın. Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına biz heç cür imkan verə bilmərik”.

Cənab Prezident hərbiçilərlə görüşündə Ermənistandakı son vəziyyətdən danışmış , Ermənistanın müstəqillik tarixini rüsvayçılıq tarixi adlndırmışdır. O, qeyd etmişdir ki Ermənistandakı indiki iqtidar artıq dəfələrlə bəyan və sübut edib ki, 1998-ci ildən 2018-ci ilə qədər Ermənistana rəhbərlik etmiş şəxslər cinayətkardır, oğrudur, quldurdur. Bu gün Ermənistanda diktatura hökm sürür və belə vəziyyətin davam etməsi orada problemlərin böhranlı həddə bir o qədər tez çatmasına səbəb olacaq. Bütün bunlar onu göstərir ki, Ermənistanda inkişaf perspektivləri yoxdur.

Demokratik dəyərlərə əsaslanan dövlətimizdə ən xırda məsələyə belə reaksiya verən Avropa Şurası Parlamenti və ATƏT-in mətbuat üzrə xidməti nədənsə Ermənistandakı bu vəziyyətə laqeyd qalmaqda davam edir. Ermənistandakı ədalətsizlik, demokratik dəyərlərin tapdanması, azadlıqların kobud formada pozulması hallarını görməzdən gələn AŞPA-nın məhz bu “fəaliyyət”inin nəticəsidir ki, indiyə kimi Qarabağ problemi, işğal olunmuş ərazilərlə bağlı bir dəfə də olsun təşkilat tərəfindən ədalətli mövqe nümayiş etdirilməyib. Son günlərdə öz vətəndaşlarına qarşı repressiv vasitələrə əl atan Ermənistan bir daha bütün dünyaya terrorist, antidemokratik ölkə olduğunu sübut etdi.

Ona görə də, Qərbin demokratiya institutları üçün əgər doğurdan da demokratik dəyərlər, insan hüquq və azadlıqları, söz azadlığı üstün dəyərdirsə mütləq Ermənistanda baş verənlərə adekvat münasibət bildirməli, işğalçı olkənin diktatura rejimini ifşa etməlidirlər.
Ümumiyyətlə, bu, qərbin Ermənistanda insan haqlarının pozulmasını görməzliyə vurduğu ilk halı deyil. Beləki, Ermənistanda müxalif siyasətçi və jurnalist həbsxanada aclıqdan vəfat edib. N. Paşinyan hakimiyyətə gəldikdən sonra demokratiya adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı repressiv vasitələrdən geniş istifadə etməsi və onları bir-bir sıradan çıxararaq zərərsizləşdirməsi heç kimə sirr deyil.

Ali Baş Komandan çıxışında Ermənistanda korrupsiya, talançılıq, rüşvətxorluq, qohumbazlıq kimi mənfi halların kütləvi xarakter aldığını, Ermənistanın baş nazirinin və ailəsinin qaçaqmalçılıqla məşğul olduğunu bildirdi.

Bu gün AŞPA-dan başqa dünyanın aparıcı və mötəbər beynəlxalq təşkilatları və bir çox ölkələr dövlətimizin mövqeyini dəstəkləyir. Siyasi və hüquqi baxımdan Azərbaycanın mövqeyinin mükəmməl, Ermənistanın isə qüsurlu mövqedə olduğu artıq dünyada qəbul olunur.

Bunun əksinə olaraq Azərbaycan günbəgün güclənir.

Bu gün Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır.

Son aylar bütün dünyanı bürüyən COVID-19 pandemiyası ilə mübarizədə cənab Prezidentin xalqı ilə həmrəy olması ölkə vətəndaşları tərəfindən xüsusi rəğbətlə qarşılanır. Pandemiya dövründə Azərbaycan xalqının sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, xüsusilə də genişmiqyaslı sosial dəstək tədbirləri bir çox dövlətlər üçün nümunə ola bilər.

Biz əminik ki, möhtərəm Prezidentimiz İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində torpaqlarımız düşmən tapdağından azad ediləcəkdir. Əgər sülh yolu ilə buna nail ola bilməsək Milli Ordumuz torpaqlarımızı azad etməyə qadirdir.
Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə xəritə bütövlüyünün bərpa ediləcəyi günün ərəfəsindədir. Xalqa sevgi, dövlətçiliyə sədaqət buna qadirdir; ordu quruculuğu Vətənə sevgidir, dövlətçiliyə sədaqətdir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Qax rayon bölməsinin rəis müavini

Məhərrəmov Şahin

Oxunub: 36



XƏBƏR LENTİ