Obyektiv.info
 Valyuta məzənnəsi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının yeddinci ildönümü qeyd edilib

Tarix:13-02-2019, 13:27

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının yeddinci ildönümü qeyd edilib
Fevralın 13-də Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının yeddinci ildönümü münasibətilə təntənəli tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Xidmətin rəisi, general-leytenant Arzu Rəhimov tədbirdə çıxış edərək şəxsi heyətə təbriklərini çatdırıb. O bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı ilə uğurla davam etdirilən ordu quruculuğu prosesi yeni mərhələyə qədəm qoyub. Yeddi il ərzində Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti mühüm inkişaf yolu keçərək ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə layiqli töhfə verib və bu proses hazırda davam edir. Genişmiqyaslı tədbirlər həyata keçirən Xidmət səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların hərbi qeydiyyata alınması, hərbi xidmətə hazırlanması və müddətli həqiqi hərbi xidmətə çağırılmasının təşkili, Silahlı Qüvvələrin çağırışçılarla komplektləşdirilməsi, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, habelə vətəndaşların qəbulu və müraciətlərinə baxılması, korrupsiyaya qarşı mübarizə, maddi-texniki və qanunvericilik bazalarının təkmilləşdirilməsi işlərində, eləcə də digər sahələrdə əhəmiyyətli nəticələr qazanıb.

Qeyd olunub ki, ölkəmizdə aparılan islahatların tərkib hissəsi olaraq Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində də istər idarəetmə mexanizminin təkmilləşdirilməsi, istər qanunvericilik, istərsə də onun tətbiqi ilə bağlı dövlət tərəfindən bir sıra ciddi addımlar atılıb. Çağırış və səfərbərlik resurslarını tənzimləyən mükəmməl mexanizmin yaradılması istiqamətində zəruri tədbirlər görülüb. Xidmət müstəqil mərkəzi icra hakimiyyəti orqanı kimi bir növ Silahlı Qüvvələrlə cəmiyyət arasında körpü rolunu oynayır və 7 ildir ki, bu vəzifələri müvəffəqiyyətlə icra etməklə dövlətin və vətəndaşların xidmətindədir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında rolu böyükdür.

Vurğulanıb ki, Azərbaycan Prezidentinin vətəndaşlarımızın müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq sərəncamlarının icrasının təmin edilməsi, Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə daha keyfiyyətli komplektləşdirilməsi üçün çağırış yaşlı vətəndaşların qanuna müvafiq qaydada çağırışa cəlb edilməsi və xidmət keçmək üçün təyin olunduqları hərbi hissələrə təhvil verilməsi də Xidmətin qarşısında duran əsas vəzifələrdəndir.

Arzu Rəhimov əminliklə bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hər bir əməkdaşı bundan sonra da ümummilli liderimiz Heydər Əliyevin ideyalarına sadiq qalacaq, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin öhdəsindən layiqincə gələrək, daha böyük nailiyyətlər əldə etməyə çalışacaq.

Digər çıxış edənlər də Xidmətin yaranmasının ildönümü münasibətilə təbriklərini çatdırıb, yeddi il ərzində görülən işləri yüksək qiymətləndiriblər.

Sonda Azərbaycan Prezidenti İlham Əliyevin Xidmətin bir qrup hərbi qulluqçusunun təltif edilməsi haqqında sərəncamları oxunub, xidmətdə fərqlənən hərbi qulluqçular və əməkdaşlar mükafatlandırılıb.
Oxunub: 162



XƏBƏR LENTİ