Obyektiv.info
 Valyuta məzənnəsi

Azərbaycan nümayəndə heyəti Avropa Vəkillər kollegiyaları rəhbərlərinin 47-ci toplantısında iştirak edib

Tarix:4-03-2019, 14:14

Azərbaycan nümayəndə heyəti Avropa Vəkillər kollegiyaları rəhbərlərinin 47-ci toplantısında iştirak edib
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Avstriya Vəkillər Kollegiyasının dəvəti ilə Avropa Vəkillər kollegiyaları rəhbərlərinin 47-ci toplantısında iştirak edib.

Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, ənənəvi olaraq Vyanada keçirilən konfransa Avropa Şurasına üzv ölkələrin vəkillər assosiasiyalarının rəhbərləri, habelə Beynəlxalq Vəkillər Kollegiyaları Assosiasiyası, Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının prezidentləri, bir sıra digər peşəkar regional təşkilatların təmsilçiləri qatılıblar.

“Qanunun aliliyi” mövzusuna həsr olunmuş budəfəki konfransda Avstriyanın ədliyyə naziri Yozef Mozer “Avstriyada vəkil peşəsinin cari vəziyyəti və qanunun aliliyi”, Avstriya Ali Məhkəməsinin sədri Elizabet Lovrek “Avropa məkanında məhkəmələrin müstəqilliyinə təhdidlər”, Etvos Lorand Universitetinin professoru Petra Bard “Qanunun aliliyi və məhdudiyyətlər” mövzusunda çıxışlar ediblər.

Vəkillər kollegiyalarının nümayəndələri ölkələrində vəkil peşəsinin durumu barədə hesabatları təqdim ediblər. Habelə bir sıra ölkələrin vəkillər assosiasiyalarının rəhbərləri tərəfindən çıxışlar edilib və problemlərin həlli istiqamətində müzakirələr aparılıb. Müzakirələrdə Polşa və Macarıstan respublikalarında məhkəmə hakimiyyətinin müstəqilliyinə təhdid istiqamətində aparılan islahatlar və bu islahatların qarşısının alınmasında vəkilliyin rolu xüsusən diqqət mərkəzində olub.

Tədbir çərçivəsində Avstriyanın Baş Kanslerinin katibliyi tərəfindən təntənəli qəbul təşkil edilib. Baş Kansler Sebastian Kurzun konfransın əhəmiyyətini vurğulayıb, iştirakçılara uğurlar arzulayıb.

Konfransda bir sıra ölkələrin vəkillər assosiasiyalarının rəhbərləri ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının rəhbərliyi arasında görüşlərdə əməkdaşlığın qurulması, təcrübə mübadiləsi barədə fikir mübadiləsi aparılıb.

Eyni zamanda, səfər çərçivəsində Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) rəhbərliyi ilə ikitərəfli görüş keçirilib. Görüşdə son dövrlər Azərbaycanda vəkil peşəsinin vəziyyəti və görülmüş işlər barədə CCBE-nin rəsmilərinə ətraflı məlumat verilib, əməkdaşlığın perspektivləri müzakirə olunub.
Oxunub: 119



XƏBƏR LENTİ